Ölkə birinciliyi start götürüb
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev fikirlərini bölüşüblər.
Fərid Qayıbov Paris-2024-də ölkəmizi təmsil edən Yaylagül Ramazanovadan söz açıb:
"İldən-ilə bütün idman növləri inkişaf edir. Paris-2024 Yay Olimpiya Oyunlarında ilk dəfə 15 idman növündə təmsil olunurduq. Kamandan oxatma da bu idman növlərindən biri idi. Təbii ki, hər birimiz Yaylagül Ramazanovaya azarkeşlik edirdik. O, Paris-2024-də mərhələ adlamaqla yeni uğura imza atdı".
Anar Quliyev son illərdə ölkədə kamandan oxatmanın inkişaf etdiyini vurğulayıb:
"Bu, qədim idman növünü yaşadan hər kəsə öz təşəkkürümü bildirirəm. Son illər Azərbaycanda kamandan oxatmaya maraq artmaqdadır. Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Yaylagül Ramazanovanın çıxışını xüsusi vurğulamaq istəyərdim. İnanıram ki, onun açdığı cığırla digər idmançılarımız da gedəcəklər".
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra idmançılar mübarizəyə başlayıblar.
Birincilikdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda yarışır.
Kişi və qadın idmançılar üç kateqoriya - 16 yaşına qədər yeniyetmələr (30 metr), 16-18 yaşlı gənclər (60 metr) və böyüklər (70 metr) üzrə birincilik mübarizəsi aparırlar. Oxatanların 1/4 finaldan finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurulacaq.