Polyaklar: "Musa Qurbanlı ilə birlikdə Qafqazın "Barselona"sının..."
Polşanın "Rakuv" klubu bu gün "Qarabağ"a qarşı keçiriləcək yoxlama görüşündən əvvəl Ağdam təmsilçisi haqqında yazı paylaşıb.
mediasport.az xəbər verir ki, klubun rəsmi saytında yer alan yazıda təmsilçimizin heyətində diqqətə layiq futbolçuların çox olduğu vurğulanıb.
"Qurban Qurbanovun sərəncamında çox maraqlı oyunçular var. Onlardan biri də Musa Qurbanlıdır. 20 yaşlı istedadlı hücumçu, eyni zamanda baş məşqçinin oğludur. “Qarabağ”a gəlməmişdən əvvəl digər klubda oynayıb. Qurbanlı “Neftçi”də başlayıb, daha sonra “Zirə”də icarə zamanı keyfiyyətlərini göstərib.
Musa Qurbanlı ilə birlikdə Qafqazın "Barselona"sının hücumameyilli oyununu təşkil edən Abdullah Zubir və Ovusu da diqqət edilməli oyunçulardır. Onların arxasında Azərbaycan millisinin xorvat əsilli futbolçusu Filip Ozobiç dayanır. Müdafiənin liderləri Qara Qarayev və Kevin Medinadır. Həmçinin, polşalı azarkeşlər əvvəllər Ekstraklasada “Legiya”da çıxış etmiş Marko Veşoviçi tanıya bilərlər.
Bir çox Polşa-Azərbaycan telləri “Qarabağ”la bağlıdır və bunlar təkcə avrokubokların seçmə mərhələsinin oyunları deyil. Hər iki ölkəni birləşdirən başqa nümunələr də var. Yakub Jezniçak “Qarabağ”ın heyətində Çempionlar Liqasının qrup mərhələsində çıxış edib və bu yaxınlarda polyak köklü braziliyalı Kadi Borges burada parlaq çıxış edib".