PFL rəhbərliyi "Şamaxı" rəsmiləri ilə niyə görüşdü?

PFL rəhbərliyi "Şamaxı" rəsmiləri ilə niyə görüşdü?

Peşəkar Futbol Liqası və “Şamaxı” futbol klubu arasında görüş keçirilib.

mediasport.az xəbər verir ki, Şamaxı şəhərində baş tutan görüşdə Peşəkar Futbol Liqasını qurumun prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, “Şamaxı”nı isə klubun idarə heyətinin sədri Elçin Usub və baş menecer Kamran İsmayılov təmsil edib.

“Şamaxı” rəsmiləri klubun hazırki durumu, planları barədə məlumat veriblər. Elçin Usub klub olaraq əsas hədəflərinin yerli təcrübəli və eyni zamanda, gənc, potensiallı futbolçuların birliyindən mübariz komanda qurmaq olduğunu bildirib. Usub həmçinin, Vüqar Əsgərli, Cavid Hüseynov kimi gənc, Premyer Liqa təcrübəsi olmayan mütəxəssislərə güvənməklə, onları da Azərbaycan futboluna qazandıracaqlarına ümidini ifadə edib. Uşaq futbolunu da xüsusi diqqətdə saxladıqlarını bildirən rəsmilər, veteran futbolçu Vəli Qasımovun rəhbərliyi altında hazırda Şamaxıda 4 yaş qrupu üzrə hazırlıq aparıldığını, yaxın gələcəkdə bu sayı artırmağı planlaşdırdıqlarını qeyd ediblər.

PFL prezidenti Elxan Səmədov isə öz növbəsində klub üçün görülən işlərin gedişatından məmnunluğunu bildirib. Xüsusilə, komandanın heyəti üçün yaradılan şəraitin ölkədə ən yaxşılardan olduğunu vurğulayan Səmədov kluba olan dəstəyin və planların böyük ümidlər verdiyini qeyd edib.