"Qalan oyunlara dırnaqarası baxa bilmərik" - Marko Yankoviç
"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç Azərbaycan Premyer Liqasının 28-ci turunun "Kəpəz"lə səfər oyunundan (1:6) sonra Mediasport.az saytına müsahibə verib:
11-ci çempionluğu təmin etdiz. Bu barədə nə deyə bilərsən?
- Mövsümün əvvəlindən bu uğuru qazanmaq üçün çalışmışıq. Bu gün əla oyun oldu. Yığma komandaların oyunu ilə yaranmış fasilədən sonra ilk matç idi. Bir az yorğunluq hiss olunurdu. Maraqlı və məhsuldar görüş alındı. Fərqlənən futbolçulara görə, çox sevindim. Əla nəticə ilə çempionluğu rəsmiləşdirdik. İndi kubokda "Neftçi" ilə oyuna hazırlaşa bilərik. Mövsümü dublla başa vurmaq arzusundayıq.
Dedin ki, yığmaların oyunları ilə əlaqəli yorğunluq var idi, 6:1 hesabı ilə qalib gələcəyinizi gözləyirdin?
- İşimizə peşəkar yanaşırıq. Baş məşqçi bizim haqqımızda daima düşünür. Millidən qayıdan oyunçulara bir az istirahət verməyə çalışır. Heyətdə bəzi rotasiyalar aparılmışdı. Çox qol vurmaq həmişə xoşdur. Hücumçuların fərqlənməsi əlavə motivasiya verir.
Vaxtından çox əvvəl çempion olduz. Qarşıdakı 8 tura necə motivasiya olacaqsız?
- Əlbəttə, bundan sonra çempionat matçlarına köklənmək bir az çətin olacaq. Amma dediyim kimi, biz peşəkar futbolçularıq, daima ən yaxşısını etməyə çalışırıq. "Qarabağ"ı təmsil edirik, mükafat qazanmışıqsa, qalan oyunlara dırnaqarası baxa bilmərik. Hətta məğlub olsaq belə, bu, o demək deyil ki, oyuna ciddi yanaşmırıq.
"Bayer"lə oyunlardan sonra sənin də klubdan ayrılmaq ehtimalın gündəmə çıxıb. Bu haqda düşüncələrin maraqlıdır.
- Bu haqda nəsə deyə bilmərəm. Hazırda "Qarabağ"da çıxış edirəm. Mənimlə bağlı belə fikirlərin olması çox xoşdur. Bu, özümü yaxşı tərəfdən göstərdiyimi sübuta yetirir. Amma indiki halda bütün fikrimi komandanın uğurlarına yönəltmişəm.
Azərbaycan yığmasının keçmiş baş məşqçisi Robert Prosineçki ilə Monteneqro millisində ilk oyunları keçirdiz. Onunla işləmək necədir?
- Yığmada çox xoş zaman keçirdik. Yeni baş məşqçinin tələbləri ilə tanış olduq. Onun bizdən nə istədiyini yaxşı başa düşürük. Keçirdiyimiz hər iki oyunda qələbə qazandıq. İndi komandada əhval-ruhiyyə yüksəkdir. Bu qələbələr Monteneqro yığması və baş məşqçi üçün önəmli idi. İnanıram ki, gələcək oyunlarda Prosineçkinin rəhbərliyi altında uğurlu çıxışı davam etdirəcəyik.
Elvin