"Futbolçuları yoldan çıxarırlar, sanki onları bizdən çox istəyirlər" - Qurban Qurbanovdan GÖNDƏRMƏ

"Futbolçuları yoldan çıxarırlar, sanki onları bizdən çox istəyirlər" - Qurban Qurbanovdan GÖNDƏRMƏ

"Məğlub olduq, amma futbolçuları təbrik edirəm. Növbəti mərhələyə vəsiqə qazandıq. Qarşımızda fərqli komanda var idi. Oyunu istədiyimiz kimi idarə edə bilmədik. Azarkeşlər üçün də maraqlı oldu. "Sabah"a uğurlar arzu edirəm".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sabah"la cavab oyununu dəyərləndirib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.


Bir neçə oyundur taktikada-heyətdə dəyişikliklər edirsiz. Bugünkü rotasiyalar sizi qane etdi?

- Bu gün bir çox futbolçunun oynamasına ehtiyac var idi. Diakabi və digərlərinə praktika lazımdır. Ümumən razı qaldım. Düzdür, narazı qaldığım epizodlar oldu. 4 qol buraxdıq, müdafiədə problem görünürdü.

3 gün sonra bu rəqiblə ardıcıl 3-cü dəfə qarşılaşacaqsız. Premyer Liqada ən yaxın izləyicinizi xal hesabında çox qabaqladığınızı və "Braqa" ilə oyunöncəsi olduğunu nəzərə alsaq, "Sabah"la Premyer Liqa matçına fərqli heyət çıxaracağınızı gözləmək olar?

- Deyə bilərəm ki, bugünkü heyətdən fərqli olacaq. Oyunun gedişatında rotasiyalara ehtiyac olsa, edəcəyik. İstərdim ki, oyunçularım sona qədər hər zaman meydanda olmağı bacarsın.

Köməkçilərinizdən Yanuş Vasilyev Portuqaliyadan qayıdıb, oradan sizə xüsusi qeyd gətirib, yoxsa elə analiz etdiklərinizdir?

- Belə deyək, kənardan analiz etdiklərimizi yaxından izləmək imkanımız oldu. Fərqli kamera ilə çəkilən epizodlara baxdıq. Təcrübəli komanda ilə oynayacağıq. Əlbəttə ki, Yanuşun oraya yollanması faydalı oldu və olacaq.

Diakabi getmək istəmir, yoxsa təklif yoxdur?

- Bu suala ən bəsit cavab müqaviləsinin yaya qədər olmasını deməkdir. Hər dəfə soruşulur, amma onun getməyi müzakirə mövzusu deyil. Bəzən az oynayan oyunçu olur ki, komandaya fayda verir. Ondan da az oynayan futbolçular var.

"Transfer pəncərəsi"ndə son gündür, nəsə yenilik olacaq?

- Görünən odur ki, yox.

"Qarabağ" futbolçuların transfer dəyərinin artmasına səbəb olub və bu, ölkə futboluna da fayda göstərir. Qiymət artımı sizi narahat edir?

- Əlbəttə ki, ölkə futbolu adına sevinirəm. Kənardan maraqlananlar olur. Amma bəzi oyunçulara görə narahatam. Hər bir insan şan-şöhrətə dözə bilmir. Bəzi oyunçuların həyat tərzinə əks-təsir edir. Bəziləri bunu peşəkar kimi qarşılayır, lakin elələri var ki, məşqlərinə belə, təsir edir. Çünki qıraqdan məsləhət verənlər var. Elə çoxbilmiş dilli-dilavər menecerlər var ki, futbolçuları yoldan çıxarırlar (gülür). Sanki onlar futbolçuları bizdən çox istəyirlər. Potensiallı oyunçular olub ki, buna görə karyerası məhv olub. Bir neçə oyunçuya görə narahat olmuşam və bu, özünü doğruldub. Sonda başa düşüblər ki, biz haqlıyıq. Burada hamının yaxşılığını istəyirik. Futbolçu qarşısına qoyur ki, legioner həyatı yaşasın, amma düzgün məsləhət lazımdır.

"Qarabağ"ın futbolçuları bu mövsüm artıq 4 qırmızı vərəqə alıblar, sizi narahat etmir?

- Edir. Hər qırmızı vərəqəyə narahat oluram. Futbol kollektiv oyunudur, komandanı da düşünməlisən. Bəzən bəsit vərəqələr də olur, amma ümumən futbolçular diqqətli olmalıdır. Bu barədə fikirlərimi onlara bildirmişəm.

Elvin