Qarabağ adının BÖYÜKLÜYÜNÜ dərk etməyənlər, YETƏR, AYILIN!

Qarabağ adının BÖYÜKLÜYÜNÜ dərk etməyənlər, YETƏR, AYILIN!

Dünyaya futbolçu ixracında ilk "3-lük"də qərarlaşan "Ayaks" Bakıya gəldi, 3 qol vurdu, 3 xalı alıb getdi. Tam normal, gözlənilən idi.

"Ayaks" indiyədək Azərbaycana gəlmiş, gətirilmiş ən titullu komandadır. Amma...

Az qala hamımız Qurban Qurbanovun xarakterini dəqiq bilirik, heç vaxt futbolçusunu ayağa vermir, verməz.

Məncə, peşəkar məşqçi belə də olmalıdır.

Di gəl, bu, hər dəfə bir futbolçunun fərdi intizamsızlığının bütöv oyunun əldən getməsinə başa gəldiyi reallığını dəyişə bilməz.

Bəlkə 9-10-cu dəfədir ki, sırf bir futbolçunun məsuliyyətsizliyi ucbatından bütöv komandanın zəhməti hədər olur.

"Qarabağ"ın 36 dəfə Niderland çempionu olmuş rəqibi ilə matça necə başladığını hamımız gördük, ilk 15 dəqiqədə Çempionlar Liqasının 4-qat qalibini qapısına doğru sıxışdırmaq...

Amma Avropa hakiminin heç bir halda, hətta ən xırda detalı belə, "Qarabağ"a güzəştə getmədiyi səhnədə daha ağıllı, daha məsuliyyətli, daha intizamlı olmaq-oynamaq hər bir futbolçunun borcudur.

Komanda silkələnməlidir, ayılmalıdır, başqa yol yoxdur. Zubirindən tutmuş mühafizəçisinə qədər.

Başda Elvin və Romao olmaqla, Juninyo, Benzia və Leandro - yəni, komandanın dayaqları, dirəkləri "Qarabağ" və Qarabağ adının böyüklüyünü ya tam dərk etmirlər, ya da kələfin ucunu itiriblər.

Yoxsa feysbuk "qəhrəmanlarına" "Ayaks"ın və ya "Tottenhem"in hansı və necə komanda olduğunu, "Qarabağ"ın hansı ölkənin futbolunu təmsil etdiyini başa salmaq mümkün deyil.

"Qarabağ" bu ölkənin futbol güzgüsüdür, şübhəsiz. Doğrusu ilə, yanlışı ilə. Lakin yanlışları düzəltməyin özü isə ayrı bir BÖYÜKLÜKDÜR!

P.S. Qurban Qurbanovu istefaya səsləmək, yaxud onun tükəndiyini iddia etmək yalnız bixəbər beyinlərin düşüncəsinin məhsulu ola bilər.

P.P.S Amma bir şey var ki, ardıcıl 11-ci ildir Azərbaycan azarkeşinə, futbolu qananlara avrokubok sevinci yaşadan mütəxəssisin tükəndiyini "iddia edənlərin" 99.9 faizi çayxana, şou-biznes adamları, reytinq manyaklarıdır.

Elvin