Premyer Liqa klubunun rəhbəri Bakıda torpaq aldı - Təlim-məşq bazasının tikintisinə başlanıldı
"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakı şəhəri ərazisində böyük torpaq sahəsi alıb.
Mediasport.az xəbər verir ki, iş adamının Kürdəxanı qəsəbəsində satın aldığı 5 hektardan artıq ərazidə klub üçün baza tikiləcək.
Plan əsasında işlərə başlanılıb, ərazidə müasir infrastruktur yaradılacaq, məşq meydançaları salınacaq.
Sürətlə aparılan tikinti işləri 24 saat, növbəli rejimdə həyata keçirilir.
Məlumata əsasən, ikisi təbii, biri süni olmaqla, ərazidə 3 meydança inşa ediləcək.
İlin sonu, 2025-ci ilin əvvəlində ilkin mərhələyə uyğun, əsas meydançalardan birinin istifadəyə verilməsi nəzərdə tutulub.
Əsas komanda Bakı səfərlərində burada məskunlaşacaq, məşqlərini öz meydanlarında edəcək və əlavə otel xərcləri olmayacaq.