"Qarabağ" bu oyunda qrup ikinciliyini təmin edəcək" - FİKİR
"Qarabağ"ı Norveçdə rəqabətli oyun gözləyir. Bakıdakı matçdan fəqrli, "Molde"nin meydanında təmsilçimiz üçün asand olmayacaq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bu həftə "Molde" ilə keçirəcəyi səfər görüşü barədə fikirlərini bölüşən mütəxəssis Qurban Qurbanovun komandasının qələbə şanslarını yüksək qiymətləndirib:
"Qarabağ"ın "Molde"yə qalib gəlmə şansı ona görə çoxdur ki, rəqib rəqib əsasən qələbəyə oynayacaq. Buna görə daha böyük qüvvə ilə irəli atılacağını düşünürəm. Hə, bəlkə hava şəraiti təmsilçimiz üçün dezavantaj olar. Fikrimcə, meydançanın vəziyyəti yaxşı olmaldır. Rəqib irəlidə oynadığı halda "Qarabağ"ın sürətli hücumameylli futbolçuları "Molde"nin müdafiə xəttini yarmaq iqtidarındadırlar. Qol imkanlarımız olacaq. Ola bilsin, oyun heç-heçə də bitsin. Amma "Qarabağ"ın məğlub olacağını düşünmürəm. Təmsilçimiz bu oyunda qrup ikinciliyini təmin edəcək".
Kərimov Ağdam klubunun əsas futbolçularından cəzalı Julio Romaonun yoxluğunun komandaya böyük təsir etməyəcəyini vurğulayıb:
"Julio Romao "Qarabağ"ın heyətində dağıdıcı oyun sərgiləyir. Texnikası da yaxşıdır, sadəcə, çox riskli futbolçudur. Hər zaman sarı və qırmızı vərəqə alma təhlükəsi olan oyunçudur. 1-2 oyunda peizod olub ki, hakimlər bizim tərəfimizdə dayanaraq Romaoya qırmızı kart verməyiblər. Onun yoxluğu komandaya böyük təsir etməli deyil. Patrik Andrade meydanın mərkəzində oynayan, dağıdıcı funksiyanı yerinə yetirən digər futbolçulardan biridir. Yankoviçlə birgə yaxşı tandem təşkil edə bilərlər. Amma məşqlərdə kimin nə qədər hazır olduğu önəmlidir".
Qeyd edək ki, "Molde" - "Qarabağ" matçı noyabrın 30-dan dekabrın 1-nə keçən gecə Bakı vaxtilə saat 00:00-da start götürəcək.
5 turdan sonra hər iki komandanın aktivində 6 xal var, lakin tərəflərin Bakıdakı duelndə 1:0 hesablı qələbə qazanan Azərbaycan çempionu 2-ci pillədə qərarlaşıb.
Lider "Bayer" maksimum nəticə ilə birincidir.