"Qarabağ" və "Neftçi"nin eks üzvü Bakıda avtoyumaya "pul atdı"
Azərbaycanda son olaraq "Zirə"də forma geyinmiş Vild-Donald Gerye Bakıdakı avtoyuma məntəqələrindən birinə borclu qalıb.
Mediasport.az saytına verilən məlumata görə, "Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu paytaxt ərazisində avtomobilini yudurduğu salonun xidmət haqqını ödəməyib.
Avtoyuma məntəqəsinin icarədarı redaksiyamıza bildirib ki, salonun daimi müştərisi olan Haiti millisinin eks üzvü onların 80 manatını ödəməyib.
Xatırladaq ki, intizamsızlığı ilə daha çox ön plana çıxan şimali amerikalı 2 dönəm (2017/2019, 2020/2021) "Qarabağ"da, 1 dəfə (2019/2020) "Neftçi"də çıxış edib.
2023-cü ilin yanvarında Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar"la müqavilə bağlayan müdafiəçi həmin ilin yayında qəsəbə klubundan göndərilib.
35 yaşlı Gerye hazırda Almaniyanın həvəskar səviyyəli Regional Liqa klubu "Kosmos Koblens"də oynayır.