"Qarabağ"ın adı "Anderlext" üçün xoş xatirələrlə yadda qalmayıb
Belçika mətbuatı Konfrans Liqasının pley-off matçlarında "Gent"in rəqibi olacaq "Qarabağ" haqda yazıb.
mediasport.az xəbər verir ki, Belçikalılar uzun illərdir "Qarabağ"ın baş məşqçi postunda Qurban Qurbanovun yer almasını xüsusi qeyd edib.
Bununla yanaşı onlar Marko Veşoviç, Riçard Almeyda, Abdella Zubir, Musa Qurbanlı və Ramil Şeydayevin ölkə çempionumuzun heyətində xüsusi diqqətə layiq olduğunu yazıb.
"Qarabağ"ın Premyer Liqadakı qələbə seriyası qeyd olunub, onların xal itirmədən liderlik etdiyi xüsusi vurğulanıb. Belçikalı həmkarlarımız "Qarabağ" barədə yazıya belə davam edib:
"Gent" Avropa macərasını qışda davam etdirəcək və Azərbaycan təmsilçisi olan “Qarabağ”la qarşılaşacaq. Onlar uğur qazanacağına inanır. Necə ki, "Anderlext" yeddi il əvvəl bu fikirdə idi. Amma onlar Bakıda 0:1 uduzmuşdu. Ötən mövsüm "Marsel" Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı. Həmin vaxt azərbaycanlılar ilk dəfə avrokubokların pley-off mərhələsinə yüksələ bilmişdilər. Daha sonra isə “Qarabağ” 2015 və 2017-ci illərdə olduğu kimi ölkəsində də "qızıl dubl" etməyi bacardı.
Azərbaycan Premyer Liqasında 9, ölkə kubokunda isə 7 dəfə çempionluq yaşamış “Qarabağ” ölkənin lideridi. "Qarabağ"ın adı "Anderlext" üçün xoş xatirələrlə yadda qalmayıb. Onlar Bakıda 2015/16 mövsümünün Avropa Liqasının qrup mərhələsində 0:1 hesabı ilə məğlub olmuşdu. 2017-ci ildə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan təmsilçisi kimi yadda qalıb".