"Məndə heç bir qorxu yoxdur" - Kapitan "Qarabağ"la matç haqda
"Oyuna yaxşı hazırlamışdıq. Əslində oyunumuz yaxşı alınırdı. Mənə elə gəlir ki, hakim qələbə qazanmağımıza imkan vermədi. İlk məğlubiyətimizin "İmişli"dən olacağını gözləmirdik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan 1-ci Liqası klubu MOİK-in kapitanı Sabir Allahquliyev X turda səfərdə "İmişli"yə uduzduqları (1:2) matç barədə danışarkən deyib.
Təcrübəli hücumçu Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ"la gözlənilən görüşü barədə də fikirlərini bölüşüb.
O, Ağdam təmsilçisindən qorxmadıqlarını deyib: "İşğaldan azad olunmuş torpağımız Xankəndidə Azərbaycanın ən güclü komandasına qarşı oynayacayıq. Bu, sevindirici haldır. Yaxşı oyun göstərməyə çalışacayıq. Şəxsən məndə heç bir qorxu yoxdur. "Qarabağ"ın güclü komanda olduğu hamıya məlumdur. Deyə bilmərəm k, qalib gələcəyik, lakin çalışacağıq gözəl oyun nümayiş etdirək".
Qeyd edək ki, "Qarabağ" - MOİK oyununun dekabrın 21-də Xankəndidə keçiriləcəyi gözlənilir.