Tahir Gözəl: "Səviyyəmizə uyğun, keyfiyyətli oyunçular alacağıq"
“Qarabağ” klubunun prezidenti Tahir Gözəl 10-cu Azərbaycan çempionluğu münasibətilə təşkil edilmiş tədbirdə iştirak edib.
mediasport.az xəbər verir ki, Ağdam klubunun rəhbəri jurnalistlərin suallarını cavablandırıb.
“Qarabağ” 10-cu çempionluğunu qeyd etdi. Sizin üçün qeyri-adi hisslər var, yoxsa sıradan bayramdır?
- 10-cu çempionluq Azərbaycanda ilkdir. Bu, bizi çox sevindirir. Hiss edirəm ki, hamımızda ayrı bayram sevinci var. Bir klubun 1-2 il çempion olması başqa şeydir. Amma 10 dəfə çempion olmaq, demək ki, bu klubda qələbə ruhu dərindir. Klubumuzun loqosunda bir ulduz var. UEFA-da hər beş illik çempionluqdan sonra bir ulduz verirlər. Artıq bizim loqomuz dəyişəcək və orada iki ulduz olacaq. Bu, böyük nailiyyətdir. Əlbəttə ki, bu gün zəfərimizi tam başqa ruhla qeyd edirik. Çünki qələbəmizi azad Qarabağda yaşayırıq. Çox özəldir. Bizə bu xoşbəxtliyi verən cənab prezidentimiz, ölkə başçısı İlham Əliyevə, şəhidlərimizə təşəkkür edirəm. Hamımız üçün çox gözəl gündür.
Ağdamla bağlı problem var?
- “Qarabağ” kimi Avropada oynayan klubun əsası Bakıda yerləşib. Bu, faktdır. Cənab prezidentin verdiyi göstərişlə Qarabağda da stadionlar tikiləcək. Doğru zamanda oyunlarımızı orada keçirməkdən şad olaram. Bizim üçün böyük fəxrdir. Amma hesab edirəm ki, “Qarabağ” bugünkü infrastrukturunu Bakıda qoyub. Əsas yerini Bakıda inkişaf etdirməlidir. Önəmli oyunlarımızı Qarabağda keçirmək bizim üçün şərəf olardı.
Transferlər olacaq?
- Artıq bir transferimiz oldu. Qurban Qurbanov da elan etdi. “Zirə”dən Hamidu Keytanı aldıq. Ondan savayı da, bizim səviyyəmizə uyğun, keyfiyyətli oyunçular alacağıq. Hesab edirəm ki, “Qarabağ” ulduz yetişdirən klıubdur. Büdcəmizin çatdığı qədər ən mükəmməl, əla futbolçular seçiləcək və onlarla birlikdə Avropada önəmli yerimizi tutacağıq. Bu il bizim üçün uğurlu oldu. Komandamdan bu il daha da uğurlu çıxış gözləyirəm. Çünki qarşılarında heç bir əngəl yoxdur.