"Qarabağ"ın ulduz futbolçusu Dubayda əmlak biznes qurub

"Qarabağ"ın ulduz futbolçusu Dubayda əmlak biznes qurub

“Qarabağ”ın vingeri Yassin Benzia Dubayda biznes qurub.

Mediasport.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin vətəni Əlcəzair mətbuatında məqalə dərc olunub.

Bildirilib ki, 30 yaşlı futbolçu ərəb ölkəsində daşınmaz əmlaka yatırım edib:

"Benzia təkcə meydanda təhlükəli futbolçu deyil, həm də əla biznesmendir. O, Dubayda çoxlu mülk alıb, daşınmaz əmlaka investisiya edib. Bilirik ki, futbolçu ömrü qısadır. Buna görə çox futbolçunun karyerasını başa vurduqdan sonra vəziyyəti sabit olmur. Böyük əksəriyyəti oynadığı illərdə topladığı vəsaiti sərfəli biznesə yatırır. Benzia da belələrindəndir, o, Dubayda evlərin qiymətlərinin "səmaya yüksəlməsi"ndən öncə burada çox sayda daşınmaz əmlak alıb. Bütün dünyanın turistləri üçün populyar olan şəhərdə investisiya üçün qoyulan xərci qısa zamanda çıxarıb".

İstedadlı yarımmüdafiəçinin karyerasına da toxunan afrikalı həmkarlarımız Benzianın Ağdam klubunda qalmayacağını yazırlar:

“Onunla Fransa və Almaniya klubları maraqlanır. Avropa Liqasında uğurlu çıxışları və vurduğu qollar onu məşhurlaşdırıb. Azərbaycan çempionatında qalacağı sual doğurur. “Qarabağ”ın hücumameylli futbolçusu karyerasının həlledici nöqtəsindədir. Benzia bunu müzakirə etməkdən boyun qaçırsa da, hazırda agentləri ilə Azərbaycandan ayrılmaq variantlarını nəzərdən keçirdiyini demək olar”.

Qeyd edək ki, karyerası ərzində “Lion”, “Lill”, “Fənərbağça”, “Olimpiakos”, “Dijon” və “Hatayspor”da oynamış Benzia "Qarabağ"da 2023-cü ilin yanvarından forma geyinir.

"Köhlən atlılar"ın heyətində bu müddətdə 25 oyun keçirib, 13 qol vurub.