"Şahdağ Qusar"dan çempionatlar tarixində 200-cü qələbə

"Şahdağ Qusar"dan çempionatlar tarixində 200-cü qələbə

“Şahdağ Qusar” Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb.

Mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, II Liqanın XIII turunda “Göygöl”ü 4 cavabsız qolla məğlub edən Qusar təmsilçisi 200-cü qalibiyyətini əldə edib.

Bu, “Şahdağ Qusar”ın II Liqada 8-ci uğurudur. Ölkə çempionatlarında 1992-ci ildən çıxış edən komanda cari mövsümə qədər fasilələrlə mübarizə apardığı Premyer Liqada (əvvəl güclülər dəstəsi) 59, I Liqada (əvvəl I dəstə və I divizion) 133 dəfə qalib gəlib. “Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış komanda 200-cü qələbəni ümumilikdə 558-ci görüşündə əldə edib.

“Şahdağ Qusar” ölkə futbolu tarixinə çempionatda ən azı 200 qələbə qazanan 11-ci komanda kimi düşüb. Qusarlıların ilk qalibiyyəti 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0.