Nə deyirsiz, bəlkə birləşib Ayxan Abbasovu istefaya göndərək? - YAZI
Müstəqil Azərbaycan futbolu tarixində avrokuboklardakı ilk təmsilçimiz "Turan Tovuz"un yenidən Premyer Liqaya qayıdışı idman camiəsindən çox, Tovuz camaatını sevindirmişdi.
Yayda tezbazar, əsasən kənarda qalan və daha az maaş istəyən futbolçulardan formalaşdırılan kollektivin elə ilk mövsümdə elitanı tərk edəcəyi, əslində, qeyri-adi olmayacaqdı. Amma gözləntilər, proqnozlar "özünü doğrultmadı".
Necə deyərlər, sən saydığını say, arada Ayxan Abbasovun da saydığına bax...
Premyer Liqada qalmaq nədi, hətta mövsümün gedişində uzun müddət doğma publika önündə qələbə qazana bilməyən komanda bir qədər də güc etsəydi, indi avrokuboklara düşmək zonasında yer alardı.
Cücəni yazda saymağa üstünlük verən gənc mütəxəssis "Huner Group"la iş birliyindən sonra bir qədər də hünərli, cəsarətli, uğurlu oldu desək, haqq verərsiz, yəqin. Di gəl, Abbasovun ortaya qoyduğu iş sanki bir qrup "futbol adamı"nı narahat etməyə başladı. Yoxsa ardıcıl 2-3 ev oyununda tribunaların bəzilərində yer alan "fanat"ların "istefa, istefa" şüarları alma deyildi ki, göydən düşsün. Nağılların sonundakı kimi. Lakin hər kimlər idisə, səhvlərini tez, ya da vaxtında anladılar, deyəsən. Çünki "Turan Tovuz"un bu gün aktivində olan 38 xal reallıqdır.
İndi nə deyirsiz, bəlkə ardıcıl olaraq 3 ağır görüşdə - səfərdə "Zirə"yə 3 cavabsız qol vuran, "Neftçi" kimi komandanı darmadağın edən, "Qəbələ" kimi nizamlı komandaya elə Qəbələdə qalib gələn Ayxan Abbasovu istefaya göndərək? Hə, necə fikirdir? Axı biz işləyən adama qiymət verməyi bacarmırıq, bütün sahələrdə belədir.
Xülasə, heç nə demirik: "Neftçi"nin, "Qəbələ"nin, "Zirə"nin büdcəsinə, heyətinə, şəraitinə baxın, bir də gecəqondu evlər kimi tikilən-qurulan "Turan Tovuz"un imkanlarına.
Ondan sonra da ədalətinizə söykənib Abbasovu göndərmək fikrində qalsaz, tamam, elə qoşalaşıb birlikdə yola salaq. Zatən bizə zəhmətkeş adam lazım deyil...
mediasport.az