Şəhriyar Məmmədyarov geriləyib, Teymur Rəcəbov yerində qalıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Mediasport.az xəbər verir ki, 14-cü pillədə qərarlaşan Azərbaycan şahmatçısı Teymur Rəcəbovun mövqeyi dəyişməyib. Onun hesabında 2745 xal var.
Şəhriyar Məmmədyarov (2734) isə 1 pillə geriləyib. Məmmədyarov 17-ci sıraya düşüb. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) 58-ci yerə yüksəlib, Qədir Hüseynov isə reytinq cədvəlini tərk edib.
Siyahıya son Dünya Kubokunun qalibi norveçli Maqnus Karlsen (2839) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2786), üçüncü sırada çinli Din Liren (2780) qərarlaşıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 30-cu, Ülviyyə Fətəliyeva (2393) 56-cı, Gövhər Beydullayeva (2383) 66-cı, Gülnar Məmmədova (2346) isə 100-cü sırada qərarlaşıb.