"Turan Tovuz"un ayağı sınan futbolçusu Bakıda əməliyyat edildi
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la matçında ayağı sınan "Turan Tovuz"un futbolçusu Denis Marandiçi Bakıda əməliyyat olunub.
Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin Mediasport.az saytına verdiyi məlumata görə, moldovalı müdafiəçinin əməliyyatı uğurlu keçib:
"Bu gün uğurlu əməliyyat edildi. Denis bir müddət xəstəxanada qalacaq. Sonra müalicəsi ev şəraitində davam etdiriləcək. Bundan sonrakı bütün proses klub rəhbərliyi və həkimlərin nəzarətində olacaq.
Müalicə, reabilitasiya, bərpa və ən qısa müddətdə yaşıl meydanlara qayıtması üçün klub olaraq üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyik. "Turan Tovuz" rəhbərliyi onun tez bir zamanda sağlığına qovuşması üçün lazım olan hər şeyi edir və edəcək. İnanırıq ki, Marandiçini tezliklə sıralarmızda görəcəyik".
Xatırladaq ki, cinah müdafiəçisinin rəqib hücumçu Pavol Şafranko ilə toqquşma zamanı sağ ayağı sınıb.