"Çalışacağıq ki, müdafiə və orta xəttə bir futbolçu transfer edək"

"Çalışacağıq ki, müdafiə və orta xəttə bir futbolçu transfer edək"

"Komanda istirahətdən yeni qayıdıb. Hazırlığımız normal keçir. İlk yoxlama matçında gücümüzü sınadıq".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis bölgə təmsilçisinin Premyer Liqanın ikinci dövrəsinə hazırlığı barədə məlumat verib:

"Zirə" ilə iki fərqli heyətlə oynadıq. Futbolçular normal oyun yükünü aldılar. Adaptasiya üçün bir qədər vaxt lazımdır. Daha bir yoxlama oyunumuz olacaq".

O, bundan sonra da heyətə yeni futbolçuların cəlb edilməsi üçün çalışacaqlarını bildirib:

"Bilirsiniz ki, komandadan ayrılanlar çox oldu. Gedənlərin yerini doldurmaq istəyirik. Danışıb razılaşa bilmədiyimiz futbolçular var. Bir-iki mövqeyə axtarışlarımızı davam etdiririk. Çalışacağıq ki, həm müdafiə, həm də orta xəttə bir futbolçu transfer edək".

Qeyd edək ki, Şamaxı klubu qış fasiləsi öncəsi İlkin Muradov, Giorgi Kantariya, Adil Nağıyev, Ramin Əhmədov və Qurban Səfərovla vidalaşıb.

Bölgə təmsilçisi Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey-Kostin Tirkovaneu və Mikael Tike Dias Santosu transfer edib.