"Uşaqların məşqlərdə göstərdikləri performans xoşuma gəlir"
"Hazırlıq prosesində qarşıya qoyduğumuz planları həyata keçirməyə çalışırıq. Heyətimiz elə də geniş deyil".
Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında ikinci dövrəyə hazırlığı dəyərləndirib.
O, əvvəlcə dünən yoxlama matçında "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları oyun haqda danışıb:
“Meydana hər iki hissədə fərqli heyəti buraxmışdıq. Futbolçularımızın daha çox təzyiqdə oynamasını istəyirdik. Hamının 45 dəqiqə meydanda olmasına baxmayaraq, yükləmələri daha çox götürməsi vacib idi.
Bilirsiniz ki, heyətimiz elə də geniş deyil. Ona görə oyunçuların belə vəziyyətdə mübarizə aparması düşünülmüşdü. Bu, onların həm fiziki, həm də mənəvi tərəfdən performansını yaxşılaşdırması üçün idi. Məncə, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, mübarizədən xoşum gəldi”.
A.Bağırov yanvarın ilk günlərindən komandanın bir yerə yığışdığını və məşqlərə başladıqlarını xatırladıb:
"Şükürlər olsun ki, zədəsiz şəkildə məşqləri davam etdiririk. Ən vacib məqamlardan biri budur. Uşaqların məşqlərdə göstərdikləri performans xoşuma gəlir. Səylə çalışırlar. Bu formada davam edirik. Yanvarın 13-nə kimi bəzi fiziki yükləmələri bitirəcəyik. Çempionat oyununa bir həftə qalmış komanda hazır olmalıdır”.