Türkiyədə oynayan milli komandamızın üzvü: "Çoxlu itkilər var"
Türkiyənin "Çukurova Adana BLD. Demirspor" voleybol klubunda çıxış edən milli komandamızın üzvü Alena Xarçenko bu səhər qardaş ölkədə baş vermiş dəhşətli zəlzələnin canlı şahidi olub.
mediasport.az xəbər verir ki, yığmamızın voleybolçusu zəlzələ bölgələrində vəziyyətin çox dəhşətli olduğunu deyib.
- Zəlzələ səhərə yaxın təxminən saat 04:17 radələrində baş verdi, biz yuxudan oyandıq. Divarlar çox pis silkələnirdi, yerimizdə durmaqda çətinlik çəkirdik. Zəlzələ uzun müddət davam etdi, çox qorxduq. Mən anamla yaxınlıqda yerləşən parka getdik və bir müddət orada gözlədik. Sonra evə qayıdıb bəzi əşyalarımızı götürüb zala yollandıq. Həmin vaxt yenidən zəlzələ oldu, çox qorxulu idi. Hazırda isə biz zaldayıq. Mən və komanda yoldaşlarım yaxşıyıq. Lakin çoxlu itkilər var. Hələ də dağıntılar altında qalanlar var. Allah köməkləri olsun və tezliklə sağ-salamat dağıntılar altından çıxarılsınlar. Ölənlərə də Allah rəhmət eləsin.