Üçüncü əməliyyatı keçirən PFL prezidentinin SON VƏZİYYƏTİ
"Hər şey daha yaxşı olacaq. Sadəcə, zamana ehtiyac var. Yavaş-yavaş bərpa ediləcək".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq direktoru Sənan Abdullayev Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu haqda məlumat verərkən deyib.
Qurum sözçüsü Səmədovun yanvarın 8-də keçirilən əməliyyatının uğurla başa çatdığını bildirib.
O, eyni zamanda, vitse-prezident Aslan Şahgəldiyevin bərpa prosesi keçdiyini söyləyib. Abdullayev öz durumunun da yaxşı olduğunu və artıq iki gündür işə çıxdığını diqqətə çatdırıb.
Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Xatırladaq ki, PFL prezidenti Elxan Səmədov üçüncü dəfə əməliyyat olunub. O, bir dəfə Bakıda, daha sonra 2 dəfə Türkiyədə cərrahi müdaxiləyə ehtiyac duyub.