"Komandanı gücləndirə bilməsək, axsamalar olacaq" - AÇIQLAMA

"Komandanı gücləndirə bilməsək, axsamalar olacaq" - AÇIQLAMA

"Komandanı gücləndirə bilməsək, axsamalarımız olacaq. Çalışacağıq ki, həm yerli, həm də 1 və ya 2 legioner transfer etməklə heyəti genişləndirək".

Bu sözləri Mediasport.az saytına açıqlamasında cari mövsüm Azərbaycan Premyer Liqasının debütantı "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib.

Elitada mövsümə istədikləri kimi başlamadıqlarını deyən mütəxəssis geridə qalan 1-ci və 2-ci dövrə haqda fikirlərini bölüşüb:

"2-ci turdan artıq komandanın oyununda dönüş yarandı. Yalnız bir oyunumuz istədiyimiz kimi alınmamışdı. Həmin oyun 2-ci dövrənin "Sumqayıt"la səfər matçı idi. 18-ci turun "Turan Tovuz"la qarşılaşmasının ilk 15-20 dəqiqəsi də istədiyimiz məcrada getmədi. Lazımsız qollar buraxdıq. Ümumilikdə danışsam, komandanın performansı mənim istədiyim kimi oldu. Çox yaxşı oyunlar keçirdik. Hətta futbolçular meydançada bacardıqlarından da artıq çıxış etdilər. Mənə elə gəlir ki, Premyer Liqada ilk ilimiz üçün "Araz-Naxçıvan" adına səs sala bildik".

Gənc mütəxəssis qış fasiləsində heyəti gücləndirmək istədiklərini bildirib:

"İnşallah, heyətimizi daha da genişləndirdikdən, gücləndirdikdən sonra növbəti dövrəyə start vermək istəyirik. Düşünürük ki, 3-cü və 4-cü dövrələr daha çətin olacaq. Çünki qarşıda kubok oyunumuz da var. "Qəbələ" ilə 2 qarşılaşmamız olacaq. Eyni zamanda, çempionatın oyunları olacaq. Qış fasiləsində istədiyimiz oyunçularla güclənə bilsək, 3-cü və 4-cü dövrədə, eyni zamanda, kubok oyunlarında daha yaxşı və hazırlıqlı "Araz-Naxçıvan" görəcəyik".


Rövşən