4-5 mərsiyəxan, hamam dəsmalı və ağlaşma - Ay "Neftçi", vay "Neftçi"

4-5 mərsiyəxan, hamam dəsmalı və ağlaşma - Ay "Neftçi", vay "Neftçi"

"Heç bir halda bugünkü kimi oynamamalıyıq. İstədiyimiz oyunu göstərə bilməmək üçün heç bir şey bizi bu qədər sarsıda bilməz. Demişdim ki, çempionatda yaranmış fasilə bizə kömək edəcək və bundan sonra daha yaxşı çıxış edəcəyik, amma verdiyim sözü tuta bilmədim. Həm buna, həm də göstərdiyimiz oyuna görə üzr istəyirəm. Çünki belə oynamaq olmaz.

Matçdan matça sağlamlığımı itirirəm. Azarkeşlər qarşısında bu cür oyun göstərmək pisdir. Halbuki komandamızın daha yaxşı oynaması üçün kifayət qədər potensialı var”.

Bu, "Zirə" ilə matçdan sonra "Neftçi"nin baş məşqçisi Roman Qriqorçukun səsləndirdiyi fikirlərdir.

Ukraynalı mütəxəssis paytaxt klubuna gəldiyinə peşman olduğunu aşkar şəkildə ifadə etməkdədir artıq. "Sağlamlığımı itirirəm" ifadəsi hər halda pik olmalıdır. Sonu istefadır, dəqiq. Deyəsən, tezləşəcək.

Növbəti dəfə kimsə qurban verilməlidir axı, güman ki, bu, elə Roman Yosipoviç olacaq.

Yarıtmaz menecer, qeyri-rəsmi rəhbər Kamil Məmmədovun idarə etdiyi "Neftçi"yə bu gün 3 şey lazımdır: 4-5 mərsiyəxan, böyük hamam dəsmalı və ağlaşma - o da yalnız təsəlli üçün. Adama deyərlər, get, həvəskar futbolunu oyna da, sənin PFK-da nə işin var axı...

Qriqorçuk 3 aya sağlamlığını itirməyə doğru gedirsə, gör, illərdir yazıq azarkeş nə çəkir.

Premyer Liqada geridə qalan 6 tura qələbə qazanmaq bir yana, düz-əməlli qol da vura bilməyən ölkənin ən köklü komandasının halına 11 molla dua oxusa, yenə azdır.

Mövsümdə qalib gəlməyən 2 klubdan birinin "Neftçi" olması, fikrimizcə, biabırçılığın ən pik nöqtəsidir!

Ölkə büdcəsindən milyonların ayrıldığı, hər bir şəraitin, geniş imkanların yaradıldığı xalqın keçmiş komandasının acınacaqlı durumuna bu gün-sabah təcili çarə tapılmasa, "ağ-qaralar"ın tarixi rüsvayçılığı yaşayacağı qaçılmaz olacaq.

Hərçənd Qriqorçuk baş məşqçi təyin ediləndə hamı kimi, biz də onu dəstəkləmiş, nəhayət, "Neftçi"nin doğru yola qədəm qoyduğuna inanmışdıq. Düşündük ki, Azərbaycanda kifayət qədər uğurlu nəticələr əldə etmiş ukraynalı "ağ-qaralar"ı qara zolaqdan çıxaracaq.

Zaman səhv düşündüyümüzü göstərdi. "Neftçi"nin düzəlməsi üçün azca ümid işığı yoxdur, görünmür.

Bərbad idarəçilik, yarıtmaz rəhbərlik futbolu bilən adamlarla əvəzlənməsə, vəziyyət indikindən daha katastrofik trayektoriya cızacaq.

Mediasport.az