"Xankəndidə oynamaq, burada olmaq böyük şərəfdir" - KAPİTAN
"Kifayət qədər çətin oyun keçdi. MOİK yaxşı mübarizə apardı, son dəqiqəyə qədər döyüşdü. Onları mübarizələrinə görə təşəkkür edirəm".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə deyib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndi şəhərində baş tutan "Qarabağ" - MOİK tarixi qarşılaşmasında komandasını meydana kapitan kimi çıxaran millimizin üzvü bununla da fəxr etdiyini deyib:
"Qürur hissi keçirdim. Kapitanlıq sarğısı haqda ümumən çox düşünmürəm. Xankəndidə oynamaq, burada olmaq böyük bir şərəfdir. Oyuna gəlincə, bu haqda nəsə demək çətindir. Oyuna ciddi hazırlaşmışdıq, amma bəlkə də süni örtüklü meydançanın da təsirləri oldu. Hiss olunurdu ki, MOİK matça yaxşı hazırlaşıb".
1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi 1/4 finala yüksəlib.