"Budö Qlimt" birinci məğlubiyyətini komandamızdan aldı" - Tahir Gözəl
"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının əsas mərhələsinin 4-cü turunun "Budö Qlimt"lə matçda (2:1) qazanılan qələbə haqda fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, klub rəsmisi Norveçdə əldə edilən qalibiyyat barədə bunları söyləyib:
"Xalqımızı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuzun qazandığı qələbənin ildönümü ərəfəsində "Qarabağ" növbəti qalibiyyətini əldə etdi.
"Budö Qlimt"ə qarşı səfərdəki matç çox ağır oldu. Rəqibin nə qədər güclü komanda olduğunu Avropa Liqasının liderləri sırasında yer alması da göstərir. "Budö Qlimt" güclü rəqabətin olduğu Norveç çempionatında da liderdir. İlk üç turda uduzmayan, "Porto" kimi adlı-sanlı bir klubu məğlub edən klubla qarşılaşırdıq.
"Budö Qlimt" ilk məğlubiyyətini komandamızdan aldı. "Qarabağ"la fəxr edirəm. Üstəlik, süni meydanda oynadıq. Lakin rəqibin kimliyindən asılı olmayaraq, həmişəki kimi, komandamıza inamımız böyük idi. Möhtəşəm mübarizə və qələbəyə görə futbolçularımıza təşəkkür edirəm. Çətin şimal səfərində komandamızı tək qoymayan azarkeşlərə də minnətdaram. Çox çətin oyunda vacib qələbə qazandıq".
Mərhələnin sonuna qədər daha 4 oyunumuz var. Əminəm ki, komandamız gözəl oyunu ilə azarkeşlərimizi sevindirməkdə davam edəcək. Nəticələrdən asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, Qurban Qurbanovun komandası əsas mərhələdə bu qələbəyə qədər səfərdə "Tottenhem"ə (0:3), evdə "Malmö" (1:2) və "Ayaks"a (0:3) uduzmuşdu.