Komandamızın iki üzvü yarımfinala vəsiqə qazandı - Avropa çempionatı
Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
MediaSport.az xəbər verir ki, 57 kq-da Ruslan Abdullayev və 70 kq-da Cavidan Əhmədov bu gün finala vəsiqə uğrunda mübarizə aparacaqlar. İdmançılarımız müvafiq olaraq, türkiyəli Tolqa Özbək və İbrahim Yaprakla qarşılaşacaqlar.
Digər sərbəst güləşçilərdən 65 kq-da Ramik Heybətov, 79 kq-da Sadiq Mustafazadə, 97 kq-da isə Zəfər Əliyev ümidləri doğrultmayıblar. Gənclərimizin rəqibləri finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcəklər.
Daha əvvəl yunan-Roma güləşçiləri Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar. Yığmamız komanda hesabında Avropa çempionu olub.