"Hər çəkidə medal qazansaydıq, çox gözəl olardı" - QOZYUMOV

"Hər çəkidə medal qazansaydıq, çox gözəl olardı" - QOZYUMOV

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında üçüncü olan Azərbaycanın sərbəst güləş yığması Vətənə qayıdıb.

Mediasport.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların ailə üzvləri, yaxınları və federasiya nümayəndələri qarşılayıblar.

Yığmanın baş məşqçisi Xetaq Qozyumov yarışla bağlı təəssüratlarını bölüşüb. O, qızıl medal qazana bilmədikləri üçün təəssüfləndiklərini bildirib:

"Bu dəfə qızıl medal olmadı. Lakin hər çəkidə bunun üçün yaxşı şansımız var idi. Hər çəkidə medal qazansaydıq, çox gözəl nəticə olardı. Çox sevindirici haldır ki, Nürəddin Novruzov, Arseni Cioyev kimi gənclər yaxşı performans göstərdilər, ilk dəfə “üçlüy”ə düşdülər. Bu, çox yaxşıdır, digər gənclərimizə nümunədir. Onlar da bacara bilərlər. Bu, gələcək üçün çox gözəl nəticədir”.

Çalışdırıcı Maqomedxan Maqomedova böyük ümidlər bəslənildiyini söyləyib: “Ümid edirdik ki, qızıl medal alacaq. Təəssüf ki, finalda çıxışı alınmadı, gümüşlə kifayətləndi. Ümumilikdə çıxışımıza “4” qiyməti vermək olar. Hər zaman qalib gəlmək, qızıl medallar qazanmaq istəyərik. Komandamız üçüncü yeri tutdu. Keçən ilin nailiyyətini təkrarlamaq istəyirdik, lakin hər dəfə qalib gəlmək alınmır. Ümid edirik ki, gələn dəfə birinci olacağıq”.

Baş məşqçinin sözlərinə görə, medal sayına görə komandanın nəticəsi çox yaxşıdır:

“Yeni adlar kəşf etməyimiz, mükafat almağımız gənc nəsil üçün çox vacibdir. Hamı onlara baxacaq və daha yaxşı olmağa çalışacaq. Avropa çempionatında rəqabət xeyli artıb. Çünki çox sayda rusiyalı idmançı başqa ölkələrin bayrağı altında çıxış etməyə başlayıb. Bu isə onu göstərir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında güclü rəqabət olacaq. Amma biz heç kimdən çəkinmirik. Qorxan gözə çöp düşər. İstənilən rəqibə qarşı mübarizə aparmağa hazırıq. Bizə lazım olan lisenziyaları əldə etməyə çalışacağıq. Bizi qarşıda çox ciddi iki təlim-məşq toplanışı gözləyir. Onların arasında Yaşar Doğu turniri də olacaq. Orada gənc idmançılarımızı sınaqdan keçirəcəyik. Əsas komanda isə Bakıda keçiriləcək lisenziya turnirinə hazırlaşacaq”.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi 1 gümüş və 6 bürünc medal qazanmaqla Avropa çempionatında 122 xalla komanda hesabında 3-cü yeri tutub.