"Zəfər Günündə hamı bizdən qələbə gözləyirdi" - Qurban Qurbanov

"Zəfər Günündə hamı bizdən qələbə gözləyirdi" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 4-cü turunun "Budö Qlimt"lə səfər oyunundan sonra (2:1) fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:

"Futbolçularımı təbrik edirəm. Meydançanın durumu, hava şəraiti...Uzun yol qət etmişdik. Ardıcıl 3 oyun məğlub olmuşduq. Buna görə də futbolçuların üzərində basqı var idi. Oyundan əvvəl də söhbət edəndə danışmışdıq ki, bu gün bacaracağıq. Məğlub ola bilərdik, amma oyuna ruhsuz çıxa bilməzdik. Oyunçularım çox sağ olsunlar, bacardılar. Meydandakı mübarizələri və hərəkətləri ilə bunu göstərdilər. Həqiqətən çox yaxşı komandaya qalib gəldik. "Budö Qlimt"in oyun üslubunün, Norveç futbolunun inkişafda olmasının şahidi olduq".

Təcrübəli çalışdırıcı rəqibin oyun üslubundan və "köhlən atlar"ın azarkeşlərindən də söz açıb:

"Budö Qlimt"ə səmimi qəlbdən uğurlar arzulayıram. Futbolçuları çox intizamlı oynayırdılar, məşqçi işi aydın görünürdü. Futbolçularımı bir daha təbrik edirəm. Zəfər Günündə bütün Azərbaycan bizim oyunumuzu izləyirdi, bizdən qələbə gözləyirdi. Şükürlər olsun, futbolçularım belə bir zəfər qazandılar. Rəhbərliyimizi, azarkeşlərimizi təbrik edirəm. ABŞ-dən gəlmiş azarkeşlərimizə də təşəkkür edirəm. Məni duyğulandırdılar, bizim məşqçilər korpusuna hədiyyə gətiriblər. Bizim üçün çox dəyərlidir. Onlar bizim bütün oyunlarımızı izləyirlər. Hər birinə klubumuz adından minnətdaram".

Rövşən ƏLİSOY