2 oyuna "Qəbələ"yə 5 qol vuran: "İstədiklərimizi asan reallaşdırdıq"
“Əsas məsələ növbəti mərhələyə adlamağımız idi. “Qəbələ” çox yaxşı komandadır, onlara qarşı ciddi yanaşmaq lazım idi".
mediasport.az xəbər verir ki, bu sözləri Kiprin “Omoniya” klubunun futbolçusu Roman Bezus “Qəbələ”ni 4:1 hesabı ilə məğlub etdikləri Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
Təmsilçimizlə iki matçda qapımıza 5 qol vuran ukraynalı hücumçu Elmar Baxşıyevin komandasını tərifləyib: "Onlar ilk oyunda bizə çətin anlar yaşatdılar. Cavab matçında isə iki erkən qol vurmağımız həlledici oldu. Bundan sonra istədiklərimizi gözlədiyimizdən asan reallaşdırdıq".
Ukrayna millisinin 33 yaşlı forvardı şəxsi göstəriciləri barədə bunları vurğulayıb: “Futbolda sıfırdan qəhrəmana çevrilə və qəhrəmanlıqdan sıfır dərəcəsinə düşə bilərsən. Qol vurmaq və ya assist etmək gözəl hissdir. Bu, özünəinam baxımından vacibdir. Amma mənim üçün adi haldır, qollar vurmağıma təəccüblənmirəm”.
Qeyd edək ki, ötən həftə Qəbələdə baş tutan ilk matçda “Omoniya” 3:2 hesablı qələbə qazanmışdı.