AFFA "Neftçi"ni söyüş söyən azarkeşlərinə görə cərimələyib
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 22-ci turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb.
“Kəpəz” – “Səbail” matçında 6 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib. Qarşılaşmanın fasiləsində “Kəpəz”in futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub daha 500 manat ödəyəcək. "Səbail” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Neftçi” görüşünün fasiləsində meydan sahiblərinin məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat cərimə olunub. Paytaxt təmsilçisi isə 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ödəyəcək.
“Neftçi” həmçinin oyunun 90+3-cü dəqiqəsində azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün 1000 manat cərimə edilib.