AFFA-dan "Neftçi"yə sərt cəza: Rəşad 5 oyunluq diskvalifikasiya edildi

AFFA-dan "Neftçi"yə sərt cəza: Rəşad 5 oyunluq diskvalifikasiya edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

mediasport.az xəbər verir ki, I Divizionun XIV turunda keçirilən “Araz Naxçıvan” – “Neftçi-2” oyunundakı davranışlara görə, 1 baş məşqçi və 5 futbolçu cəzalandırılıb.

Oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alan bakılıların çalışdırıcısı Rəşad Abdullayev 5 oyunluq diskvalifikasiya olunub, klub 400 manat məbləğində cərimələnib.

Həmin dəqiqədə təhqiredici hərəkət, söz və jestlər səbəbindən meydandan qovulan qonaqların futbolçusu Ülvü Mədətov 4 oyunluq cəzaya məruz qalıb, həmçinin klubunu 320 manat ziyana salıb.

Söz və hərəkətlə etiraza görə qırmızı vərəqə alan “Neftçi-2”nin digər oyunçuları Bahadur Quliyev və Hüseyn Babayevin hər birinə 1 matçlıq cəza, kluba ümumilikdə 40 manat cərimə kəsilib.

“Araz Naxçıvan” klubu da cəzasız ötüşməyib. Komandanın oyunçularından Emil Bayramov son dəqiqələrdə ikinci sarı vərəqə nəticəsində meydandan qovulduğu üçün 1 görüşlük cəza ilə üzləşib. Bu, “Araz Naxçıvan”ı 20 manat ziyana salıb. Qarşılaşmanın ardından təhqiredici hərəkət, söz və jestlər səbəbindən birbaşa qırmızı vərəqə alan naxçıvanlıların digər üzvü Vüsal Şabanov isə növbəti 3 turu buraxmalı olacaq. Onun bu davranışına görə, “Araz Naxçıvan” 160 manat cərimə ödəməli olacaq.

“Araz Naxçıvan” – “Neftçi-2” oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.