"Ağrılarımı azaldaraq yarışa qatıldım, Avropa çempionu oldum"
"Bildiyiniz kimi, yanvarda Xorvatiyada keçirilən yarışda qolumdan zədələnmişdim. Zədəm o qədər ciddi idi ki, həkimlər əməliyyat olunmağımı məsləhət bilirdilər".
Mediasport.az xəbər verir ki, bu sözləri 60 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə Avropa çempionatında ilk dəfə qızıl medal qazanan Murad Məmmədov deyib.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyində Azərbaycan himnini səsləndirən pəhləvan təəssüratlarını güləş federasiyasının mətbuat xidmətinə bölüşüb:
"Əməliyyat olunsaydım, 5-6 ay güləşə bilməyəcəkdim. Ona görə də buna razılaşmadım. Elektromaqnitlə bərpa prosesi keçərək ağrıları azaltdım. Avropa çempionatına qatıldım. Şükürlər olsun ki, buradan da üzüağ çıxdım. 4 görüş keçirdim. Yarımfinalda Rusiya və finalda Ukrayna güləşçiləriylə qarşılaşmalar çətin keçdi. İlk dəfə Avropa çempionu oldum. Buna qədər bu yarışda gümüş və bürünc medal qazanmışdım. Bu nəticəylə Avropa çempionatında medal kolleksiyamı tamamladım".