Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu olub, Sənan Süleymanov gümüş medal qazanıb

Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu olub, Sənan Süleymanov gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Serbiyada keçirilən dünya çempionatında final görüşünə çıxıb. 26 yaşlı idmançımız həlledici dueldə qırğızıstanlı Akjol Mahmudova sonuncu xal prinsipi ilə məğlub olaraq (1:1) dünya çempionatının gümüş medalını qazanıb. Qeyd edək ki, Süleymanov finala çıxmaqla Paris-2024 Yay Olimpiya Oyunlarında lisenziyanı təmin edib.

**********************************

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov da Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.

35 yaşlı idmançı 82 kq çəki dərəcəsində finalda iranlı Əlirza Mohmadipianini məğlub edib. Hüseynov karyerasında ikinci dəfə dünya çempionatında qızıl medal qazanıb. O, 2021-ci ildə Norveçin paytaxtı Osloda da bu nailiyyətə imza atmışdı.

Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq-da dünya çempionu olub.

**********************************

Azərbaycan güləşçiləri Serbiyada keçirilən dünya çempionatında ilk qızıl medalı qazanıblar.

Mediasport.az xəbər verir ki, bu uğura yunan-Roma güləşində 55 kq çəkidə yarışan Eldəniz Əzizli imza atıb.

Komandamızın kapitanı final qarşılaşmasında qızıl medalın taleyini 50 saniyəyə həll edib. Möhtəşəm çıxışı ilə gürcüstanlı rəqibi Nuqzar Tsursumiyaya heç bir şans verməyən Əzizli karyerasında 3-cü dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, 2018 və 2022-ci illərdə də qızıl medal qazanmış Eldəniz yunan-Roma növündə 3 dəfə dünya çempionu olmuş yeganə Azərbaycan güləşçisi Məhiyəddin Allahverdiyevin (1985, 1986, 1987) rekordunu təkrarlayıb.

Bir qədər sonra digər iki finalçımız - 82 kq-da Rafiq Hüseynov iranlı Əlirza Mohmadipiani və 77 kq-da Sənan Süleymanov qırğızıstanlı Akjol Mahmudovla qarşılaşacaq.