Sərbəst və qadın güləşçilərimiz "DÇ-2023"də fiaskoya uğrayıb

Sərbəst və qadın güləşçilərimiz "DÇ-2023"də fiaskoya uğrayıb

Serbiyada keçirilən dünya çempionatında sərbəst və qadın güləşi yarışlarına yekun vurulub.

Son olaraq 97 kq-da yer alan Maqomedxan Maqomedov final görüşünə çıxıb.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançımız qızıl medal uğrunda görüşdə Bəhreyni təmsil edən Ahmed Tajudinova vaxtından əvvəl - "tuş"la məğlub olaraq yarışı gümüş medalla bitirib.

Qadınların yarışında isə son medal ümidimiz - 59 kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik də amerikalı Cennifer Rocersə 2 dəqiqə ərzində uduzub və medalsız qalıb.

Beləliklə, Belqradda təşkil olunmuş mundialda Azərbaycanı təmsil edən 10 sərbəst və 6 qadın güləşçi (2-si sabah yarışacaq) ölkəmizə yalnız 2 medal qazandıra bilib. Maqomedxan Maqomedovdan əvvəl, milliləşdirilmiş digər güləşçi - 92 kq-da yarışan Osman Nurmaqommedov dünya ikincisi olub.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) fiaskoya ilə üzləşib.

Qadın güləşçilərimiz - sabah mübarizəyə qoşulacaq Elnurə Məmmədova (53 kq) və Elis Manolovanı (62 kq) çıxsaq, Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Birgül Soltanova (65 kq) da vətənə əliboş qayıdır.

Beləcə, 16 güləşçi arasında 14-ünün çıxışından sonra yalnız ikisinin - öz də milliləşdirilmiş idmançıların medal və 6 lisenziya çəkisindən yalnız bir güləşçinin olimpiadaya vəsiqə qazanması Azərbaycan Güləş Federasiyası adına çox ciddi uğursuzluq, daha doğrusu, fiasko kimi qiymətləndirilməlidir. Əksər idmançılarımızın tatami üzərində mübarizəsiz, xaraktersiz məğlub olması olimpiadaya 8-9 ay qalmış ciddi həyəcan təbili deməkdir!

Sentyabrın 21-də dünya çempionatında yunan-Roma güləşi üzrə yarışlara start veriləcək. Burada medal ümidlərimiz Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Beka Kandelakidir. (130 kq)

Mediasport.az