Federasiyanın İcraiyyə Komitəsinə seçilən admiral kimdir? - FOTO
Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) İcraiyyə Komitəsinə yeni üzv seçilmiş Rafiq Hüseynov və Fərhad Nağıyevin kimliyi bəlli olub.
Bu barədə məlumatı Mediasport.az saytına müsahibəsində 3 gün əvvəl 3-cü dəfə AHFF prezidenti seçilmiş Rüfət Əmirov verib.
Onun sözlərinə görə, Rafiq Hüseynov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı, 1991-1993-cü illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini ilk icra edən şəxsdir. Fərhad Nağıyev isə bu federasiyaya yad sima deyil. O, 2003-2018-ci illərdə – əvvəlki federasiya prezidenti Kamil Rəhimovun vaxtında vitse-prezident vəzifəsində olub. Əldə etdiyimiz məlumata görə, onun da hərbi ilə keçmiş əlaqəsi olub. Nağıyev əvvəllər hərbi prokurorluqda işləyib.
Bu yerdə xatırladaq ki, federasiya prezidentinin özü də Müdafiə Nazirliyinin istefada olan polkovnikidir. Rüfət Quliyev 1996-1999-cu illərdə Ordu İdman Klubunun (indiki MOİK) rəhbəri olub. O, həmçinin İsgəndər Cavadovun rəhbəri olduğu Region Futbol Federasiyasında vitse-prezident vəzifəsindədir, çempionat oyunlarına AFFA nümayəndəsi kimi təyinat alır.
Qeyd edək ki, həmin hesabat-seçki konfransında Bakı Kəndlər Futbol Federasiyasının vitse-prezidenti, polkovnik Rəhim Əliyev AHFF vitse-prezidenti, Cənub Futbol Federasiyasının nümayəndəsi, general-mayor Altay Mehdiyev, Futbol Veteranları İB-nin sədri Oqtay Abdullayev, Futbol Veteranları İB-nin sədr müavini Rüstəm Rəhimov isə AHFF-nın İcraiyyə Komitəsinə üzv seçilib. Qurumun baş katibi Füzuli Nəcəfov isə yenə işinə davam edəcək.
Yeni seçilmiş üzvlər isə 2020-ci ildə dünyasını dəyişmiş Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov və Gənclər və İdman Nazirliyinin Futbol şöbəsinin müdiri Fikrət Hüseynovu əvəzləyib.