1-ci və 2-ci Liqanın püşkü atıldı: Yarışların formatları müəyyənləşdi

1-ci və 2-ci Liqanın püşkü atıldı: Yarışların formatları müəyyənləşdi

Futbol üzrə Azərbaycan I və II Liqalarında 2023/2024 mövsümünün püşkü atılıb.

mediasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev və klubların nümayəndələri iştirak ediblər.

Komanda rəsmiləri yarışların reqlamenti və formatı ilə bağlı məlumatlandırıldıqdan sonra hər iki yarışın püşkü atılıb. Əsasnaməyə görə, I Liqanın 1-ci dövrəsində meydan sahibi olacaq komandalar III dövrədə də rəqiblərini qəbul edəcəklər.

Qeyd edək ki, II Liqa sentyarın 4-də, I Liqa isə sentyabrın 13-də başlayacaq.

II Liqada da mövsümün formatı müəyyənləşib - Oyunlar sentyabr-noyabr və mart-may aylarında keçiriləcək. Bu barədə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev püşkatma mərasimi zamanı məlumat verib. Qurum rəsmisi bunu arenaların durumu ilə əlaqələndirib:

 “Qış aylarında meydançaların durumu yaxşı vəziyyətdə olmadığı üçün belə qərara gəldik. İşlədikcə problemləri görəcəyik. Amma problemdən qorxmaq lazım deyil. Bəzi komandalar ilk dəfədir ki, peşəkar yarışda təmsil olunacaqlar. Bu səbəbdən infrastrukturla bağlı problemlərin olması başadüşüləndir”.

A.Şahgəldiyev II Liqada sonuncu yeri tutan komandanın Region Liqasına düşəcəyini əlavə edib: “Maraqlı və gərgin çempionat gözləyirik. Çünki idman prinsipləri qorunacaq. II Liqada sonuncu yeri tutan komanda Region Liqasına düşəcək, 13-cü olacaq klub isə Region Liqasının ikincisi ilə pley-off oynayacaq”.


I Liqa. I tur

“Difai Ağsu” – MOİK

“Zaqatala” - “İrəvan”

“Karvan” - “Mingəçevir”

“Qaradağ Lökbatan” - “Şamaxı”

“Araz Saatlı” - “İmişli”


II Liqa. I tur

“Ağdaş” - “Şahdağ”

“Baku Sportinq” - “Şəfa Baku”

“Şəki Siti” - “Dinamo”

“Lerik” - “Qusar”

“Şəmkir” - “Kür-Araz”

“Füzuli” - “Cəbrayıl”

“Göygöl” - “Kürmük Qax”