Tərcüməçisinin qeyri-etik ifadələri "Neftçi"yə 4 min manata başa gəldi
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarındakı neqativ hallara görə klubları cəzalandırıb.
mediasport.az xəbər verir ki, ən böyük sanksiya “Neftçi”nin tərcüməçisi Vüqar Əliyevə verilib.
O, “Turan Tovuz”la matçın 90+8-ci dəqiqəsində qonaqların rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə, Azərbaycan Kubokunda 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bu davranış klubu da 4000 manat ziyana salıb.
Bundan başqa, azarkeşlər tərəfindən meydançaya kənar əşya atılması, həmçinin, meydançaya kənar şəxslərin daxil olması, görüş bitdikdən sonra arenaya və dəlizə “A Buraxılışı” olmayan insanların girməsi və fanatların kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsi “Neftçi”nin daha 8000 manat məbləğində cərimələnməsinə səbəb olub.
“Qəbələ” ilə qarşılaşmada qırmızı vərəqə alan “Səbail”in futbolçuları - Vüqar Həsənov, Qustavo de Fransa və Adil Nağıyev bir oyunluq cəzalandırılıblar. Bayıl klubu 5400 manat da cərimə ödəyəcək.
Eyni zamanda, oyun bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması, kənar əşyaların atılması və azarkeşlərin rəsmi şəxslərin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsi ucbatından “Səbail” daha 7200 manat cərimələnib.
Matçın ardından “Qəbələ” azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər ki, bu, bölgə təmsilçisini 800 manat ziyana salıb. “Qəbələ” 4 futbolçusu sarı vərəqə aldığı üçün də 800 manatlıq cəriməyə məruz qalıb.