Almaniyada oynayan sumqayıtlı: "Təklif olsa, düşünə bilərəm"

Almaniyada oynayan sumqayıtlı: "Təklif olsa, düşünə bilərəm"

"Monheym"də özümü yaxşı hiss edirəm. Klubda hər şey məni qane edir, aşağı liqalarda oynasaq da, hər şey peşəkar səviyyədədir. Həqiqətən də, yanaşma gözəldir".

Mediasport.az xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında karyerasını Almaniyada davam etdirən azərbaycanlı futbolçu Emin Səfixanov deyib.

Sumqayıtda doğulmuş müdafiəçi Ukraynanın U-19 yığmasının sabiq üzvüdür. O, Rusiya - Ukrayna müharibəsindən sonra ölkəni tərk edərək Almaniyaya yollanıb. Yayda "Monheym"lə anlaşan Emin Almaniyanın Regional Liqasında çıxış edir. Həmyerlimiz Almaniyadakı durumu haqda danışıb, qarşıdakı illərdə Azərbaycan və ya Almaniya Bundesliqasında oynamaq şanslarını dəyərləndirib:

"Mövsüm hələ yeni başlayıb, digər təkliflər barədə düşünmürəm. Qarşımızdakı əsas məsələ daha yuxarı liqalara vəsiqə qazanmaqdır. Ona görə də indi yalnız buna köklənmişəm. Buradakı vəziyyətim yaxşıdır. Almaniya Ukraynaya çox kömək edir. Buna görə onlara təşəkkür edirəm. Karyeramı Almaniyada davam etdirməyi düşünürəm. Azərbaycandan heç bir klub mənimlə danışıq aparmayıb. Hər şey təklifdən asılıdır. Azərbaycandan da təklif olarsa, düşünmək mümkündür. Bundesliqada oynamağı hamı xəyal edir. Mən də onlardan biriyəm. Öz üzərimdə çox işləyirəm ki, hər mövsüm daha yuxarı liqada oynayım".

23 yaşlı müdafiəçi karyerası ərzində "Zorya", "Olimpik"(Donetsk), "Arsenal"(Kiyev), "Çayka", "Qirnik-Sport" klublarında oynayıb.