"Araz-Naxçıvan"ın süqutu!

"Araz-Naxçıvan"ın süqutu!

Mövsümün sürpiz debütantı "Araz-Naxçıvan" startda nə qədər təəccübləndirsə də, artıq sürətli trayektoriya ilə "zirzəmi"yə yaxınlaşır.

Bəxtləri gətirib ki, "Qəbələ"nin aktivində yetərli xal yoxdur. Yoxsa bu gün ən yaxşı halda elitada qalmaq uğrunda mübarizə aparacaqdılar. Hərçənd bu komandanın Premyer Liqada qalması belə, ciddi qəbul olunmalı uğurdur.

Yayda, demək olar, toplanış keçməyən, çempionatın başlanmasına 15-20 gün qalmış hərəsi bir yerdən gətirilmiş futbolçulardan formalaşdırılmış komanda qış fasiləsinə qədər əməlli boy göstərməyi bacarmışdı. Rəqiblərindən geri qalmaq bir yana, çox hallarda üstün oldular.

Bəs əsasən dövrələrarası fasilədən sonra nə oldu komandaya? Nə baş verdi? Yox, olan artıq ona qədər olmuşdu. Necə? Buyurun...

Yarım-yamalaq yığılmış "Araz-Naxçıvan"ın bir anda avrokuboklara iddialı komandaya çevrilməsi, baxımlı futbol nümayiş etdirməsi hər halda qeyri-rəsmi prezident Zaur Axundovun, yaxud işlədiyi bütün klublarda hərşeyşünas rolunu oynayan icraçı direktor Eldəniz Yusubovun xidmətinin nəticəsi deyildi.

Azər Bağırovun məşqçilik bacarığı işlədiyi bütün yerlərdə bacarıqlı kadr olması qədər qeyri-peşəkarlığı ilə də yadda qalmış bu cütlüyün uğursuzluğunu hər nə qədər ört-basdır eləsə də, iş bir yerdə dirənir artıq.

Nəzərə alaq ki, hələ Zaur Axundovun Naxçıvan təmsilçisində rəsmi vəzifəsi yoxdu. Amma əksər hallarda baş məşqçiyə heyətdə kimin oynamalı olduğuna dair göstərişlər verir. Bunu isə birbaşa yox, Eldəniz Yusubovun vasitəsilə həyata keçirir.

Ən başlıca məqsədləri isə gün kimi aydındı - ilk fürsətdə Azər Bağırovu istefaya göndərmək. Olmayacaqsa, bunu müxtəlif vasitələrlə, məsələn, mütəxəssisi komandadan bezdirib göndərmək bahasına belə, edəcək potensial və "bacarıq"da olan bu cütlüyün tələsi 2-3 dəfə işə yarayıb, lakin qərar son anda müəyyən səbəblərdən - ən üst səviyyədə təxirə salınıb.

Kəsəsi, mövsümə əla başlayaraq sona 9 tur qalmış çempionluğu təmin edən "Qarabağ"a səfərdə, "Neftçi" və "Sabah"a evdə qalib gələn "Araz-Naxçıvan"ın xüsusən qış fasiləsindən sonra bərbad nəticələr göstərməsində qəribə heç nə axtarmaq lazım deyil. Su axar, çuxurun tapar.

Ayxan