Azərbaycan Premyer Liqasının bütün klubları ECA-ya üzv olublar
Azərbaycan Premyer Liqasında çıxış edən bütün komandalar Avropa Klublar Birliyinə (ECA) üzv olublar.
Mediasport.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında "Qarabağ" klubunun baş meneceri və ECA-nın İcraiyyə Şurasının üzvü Asif Əsgərov məlumat verib.
Onun sözlərinə görə, bu qərar qurumun Bakıda keçirilmiş iclasında qəbul olunub: “İndiyə qədər cəmi dörd klubumuz ECA-ya üzv idi. Bizim xahişimizlə elita təmsilçilərinin hamısı birliyə üzv seçildi. Bunun sayəsində həmin klublar qurumun xidmətlərindən istifadə edə biləcəklər”.
Avropa Klublar Birliyinin iclasının Bakıda keçirilməsinin səbəbini də açıqlayan A. Əsgərov əlavə edib: “ECA-ya təklif etdik ki, iclaslardan biri Azərbaycanda keçirilsin. Çünki qurumda klublar üçün müxtəlif xidmətlər mövcuddur. Azərbaycan və Gürcüstan kimi ölkələrin təmsilçiləri isə bunlardan xəbərsizdir. Buna görə də həmin xidmətlərdən istifadə edə bilmirlər. ECA-dan xahiş etdik ki, nümayəndələri Azərbaycana gəlsinlər və bu barədə klublarımıza ətraflı məlumat versinlər. Ən güclü xidmətlər olan kommersiya, hüquq və üzvlük departamentlərinin rəhbərləri və baş konsol ölkəmizə gəldi. Onlarla birlikdə “Hüquqi yol” adlı toplantı keçirdik. Burada Azərbaycanla yanaşı, Gürcüstan klubları da iştirak etdilər. Çox faydalı və yüksək səviyyəli görüş oldu”.
İcraiyyə Şurasının üzvü iclasda klublara vacib məsələlərlə bağlı məlumatlar verildiyini vurğulayıb: “Bunlar düzgün müqavilə bağlama qaydaları, futbolçular sanksiyalarla üzləşərkən həyata keçirilməli olan hüququ proseduralardan ibarətdir. Kommersiya rəhbəri eyni zamanda klublara hər hansı bir sponsor və tərəfdaşla müqavilə bağlanılan zaman UEFA və digər ali qurumlar qarşısında götürülən öhdəliklər barədə məlumat verdi. Çalışırıq ki, klublarımızı Avropaya inteqrasiya edək”.