"Araz Saatlı" 1-ci Liqada qalacaq? - Klub prezidentindən AÇIQLAMA
"Lisenziya ilə bağlı qərar ədalətli oldu. Bütövlükdə ölkə futbol ictimaiyyətinin gözlədiyi qərar qəbul edildi".
Bu sözləri Mediasport.az saytına açıqlamasında geridə qalan mövsüm futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparmış "Araz Saatlı" klubunun prezidenti Ədalət Abdullayev deyib.
Mövsümü sonuncu yerdə başa vurmuş Aran klubunun rəhbəri AFFA-nın dünənki qərarından sonra 1-ci Liqada qalacaqlarına dair yayılan xəbərlərə münasibət bildirib:
"Federasiya özünün sərt üzünü göstərdi. Bu hallar arzuolunmaz olduğu qədər də bağışlanılmazdır. Həmin komandaya hansısa güzəştin olunması mənfi nümunə yarada bilərdi. Şükür ki, bunlar olmadı.
Hələlik PFL-in rəsmi qərarını gözləyirik. Biz indiki halda "Cəbrayıl"la pley-offa hazırlaşacağıq. Bu gün komanda yenidən məşqlərini bərpa edəcək. Gələcəklə bağlı planlardan danışmaq indilik tezdir. Klub olaraq bütövlükdə pley-off matçlarına köklənmişik. Növbəti mövsüm yenidən Birinci Liqada çıxış etmək istəyirik".
Xatırladaq ki, AFFA-nın Lisenziya Komitəsi dünən 1-ci Liqada mövsümü 7-ci pillədə tamamlayan "İrəvan"ı çempionatdan kənarlaşdırıb.
Buna klubun danışılmış oyunlarda iştirakı və buna görə bir neçə oyunçusunun futboldan uzaqlaşdırılması, həmçinin, müqavilə öhdəliklərini yerinə yetirməsi səbəb olub.
Belədə, 2-ci Liqanın 2-cisi ilə pley-off görüşləri keçirəcək 1-ci Liqanın sonuncusu "Araz Saatlı"nın istənilən nəticədən asılı olmayaraq, yarışda qalacağı ehtimalı güclənib.