"Azarkeşlərimiz önündə əlimizdən gələni edəcəyik ki, qalib gələk"
"Sabah" Azərbaycan Basketbol Liqasının 2-ci turunda "Neftçi"ni məğlub edib (93:75).
Mediasport.az xəbər verir ki, son Azərbaycan çempionunun baş məşqçisi Rimas Kurtinaytis qələbəni dəyərləndirib:
"Hər oyundan nəticə çıxarmaq lazımdır. Qələbə qazansaq da, son 5 dəqiqədə sərgilədiyimiz oyundan razı qalmadım. Oyun keyfiyyətini artırmalıyıq. Ehtiyatda olan oyunçularımız daxili çempionatda daha yaxşı çıxış etməlidir. Bunun üzərində işləməyə davam edəcəyik".
Mütəxəssis "Spiru" ilə avrokubok qarşılaşmasından da söz açıb, rəqibi mübarizə əzmi olan komanda adlandırıb:
"Bacarıqlı gənc oyunçuları var. Daxili çempionatlarında işləri yaxşı gedir. Yerli oyunçularının səviyyəsi yaxşıdır. "Marossi"dən ustalıq səviyyəsində geri qalsalar da, xarakter nümayiş etdirib qələbə qazandılar. Azarkeşlərimiz önündə əlimizdən gələni edəcəyik ki, qalib gələk".