"Neftçi" Dünya Qadınlar Seriyasında Melilya mərhələsinin qalibi oldu
“Neftçi” İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadınlar Seriyasının Melilya mərhələsinin çempionu olub.
mediasport.az xəbər verir ki, Azərbaycan klubu finalda İspaniya millisini məğlub edib.
Gərgin duelin yekununda rəqibini 13:12 hesabı ilə üstələyən “Neftçi” Melilya mərhələsini qazanıb. “Ağ-qaralar”ın üzvü Bryana Freyzer yarışın ən dəyərli oyuncusu (MVP) mükafatına layiq görülüb.
Qeyd edək ki, Dünya Qadın Seriyasında Azərbaycanın 3x3 qadın millisi və “Neftçi” klubu növbəti oyunlarını avqustun 22-də Bakıda keçirəcəklər.
Təmsilçilərimizin oyun təqvimləri də müəyyənləşib. Yarış avqustun 22-23-də 16 komandanın iştirakı ilə təşkil olunacaq.
D qrupunda qərarlaşmış yığmamız Litva və Almaniya ilə mübarizə aparacaq. İlk oyun avqustun 22-də, saat 18:15 -də Litva seçməsinə qarşı baş tutacaq.
“Neftçi” isə C qrupunda "Yuanda" (Çin) və təsnifat mərhələsi qrupundan lider kimi əsas qruplara yüksəlməyə çalışacaq üç millidən (İtaliya, Malayziya və Tayland) biri ilə gücünü sınayacaq. Bakı klubu ilk oyununu saat 17:50 -də məhz bu yığmalardan birinə qarşı keçirəcək.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Bakı mərhələsinin oyunları dənizkənarı bulvarda yerləşən saat qülləsinin yanında keçiriləcək.