Tahir Baxşıyev: "Bütün yarışlara yalnız çempion olmaq üçün hazırlaşırıq"

Tahir Baxşıyev: "Bütün yarışlara yalnız çempion olmaq üçün hazırlaşırıq"

18 yaşadək oğlanlardan ibarət basketbol milli komandamız Bakının ev sahibliyi etdiyi Avropa çempionatının C Divizionunun qrup mərhələsində ilk matçını keçirib.

Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən görüşdə Tahir Baxşıyevin komandası Malta basketbolçularını məğlub edib - 73:54.

Yığmamızın baş məşqçisi Tahir Baxşıyev görüşdən sonra MediaSport.az saytına müsahibə verib.

Əvvəlcə matç haqda fikirlərinizi eşidək, görüşün gedişində diqqətimizi çəkirdi, deyəsən, uşaqların oyunundan razı qalmadız.

- Bəli, ona görə ki, uşaqlar oyunun əvvəlində çoxlu səhvlərə yol verdilər. Ona görə narazı qaldım. Sonradan yavaş-yavaş düzəltməyə başladılar. Sonuncu period, demək olar, istədiyimiz kimi keçdi. Ən yaxşı məhz 4-cü hissədə oynadılar. Mən bilirəm ki, komandamın potensialı bu deyil. Onlar bu gün bacarıqlarının 30 faizini göstərə bildilər. 2 həftə Türkiyədə təlim-məşq toplanışı keçdik. Komandamın daha artığını bacara biləcəyinə əminəm. Çalışacağıq ki, növbəti qarşılaşmalarda maksimum bacarıqlarını göstərsinlər.

İstədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxt lazımdır?

- Komanda idman növlərində belə suala cavab vermək bir az çətin olur. Heyət formalaşdırmaq yaş qrupları üzrə fərqli məsələdir. Məsələn, U-16-da 3-4 hündürboylu basketbolçumuz var, amma 18 yaşlılarda, demək olar, yoxdur. Mümkün qədər qısa zamanda ən optimal heyətləri formalaşdırmağa çalışırıq. Ümid edirəm ki, yaxşı olacaq. Ölkəmizdə basketbola ikinci nəfəs gəlib. Cəmi ilyarımdır ki, basketbolumuz yeni yola qədəm qoyub.

Məqsədləriniz nədən ibarətdir?

- Hər bir yarışda hədəf çempionluqdur. Yoxsa bu yarışlara heç qatılmazdıq. Dövlət, federasiya səviyyəsində lazım olan bütün şərait yaradılıb. Bizim də qarşımıza qoyduğumuz məqsəd yalnız irəli getməkdir. Var gücümüz ortaya qoyuruq və belə də davam edəcəyik.

Malta basketbolçuları ilə müqayisədə, bizim idmançılar kifayət qədər hündürboy idilər, lakin bundan maksimum istifadə edə bilmədilər, eyni zamanda komandamız müdafiədə xeyli səhvlər buraxdı. Bunu necə izah edə bilərsiz?

- Bəli, ilk periodlarda əsas narazılığım da buna görə idi. Bir məqamı da qeyd edim,  komandamızda 18 yaşına çatmış basketbolçu 1-2 nəfərdir, qalanların 15-16 yaşı var. Ən hündürboylumuz Hüseyn Qaflanov 15 yaşındadır. Bu gün çox da pis oynamadı.

Bu gün oyunun ilk hissəsində komandamız pressinqlə oynayırdı, bu da hardasa çətinlik yaradırdı. Çünki rəqib belədə əks-hücuma daha rahat çıxırdı. Sizcə, riskili taktika deyildi bu?

- Hər komandaya fərdi yanaşırıq. Hər rəqibə uyğun taktika seçirik. Gördüyünüz kimi, bu taktikaya üstünlük verməkdə məqsədimiz rəqibi tez yormaq idi. Həm də istəyirdik ki, rəqib öz oyununu diqtə etdirə bilməsin. Dördüncü periodda gördüz ki, rəqib artıq çox yorulmuşdu və taktikanı dəyişib təkbətək mübarizələrə keçdik. Fikrimcə, istədiyimizə nail olduq. Təbii ki, Kipr və Moldova millilərinə qarşı fərqli taktika ilə oynayacağıq.

Dediz ki, bu yarışda da əsas məqsəd çempion olmaqdır. Komandanın buna potensialı var?

- Əlbəttə, bütün yarışlara yalnız çempionluq üçün hazırlaşırıq. Uşaqlar istəklərini, bacarıqlarını maksimum nümayiş etdirə bilsələr, çempion olarıq. Komandada bu potensial var.

Sizin rəhbərliyiniz altında U-16 komandamız Avropa çempionatının C Divizionunun həm qrup mərhələsində, həm də finalında Kipr yığmasına məğlub oldu. Burada da növbəti rəqibiniz Kiprin U-18 komandasıdır...

- Kipr komandaları çox yaxşıdır. Onlar həmişə B Divizionunda oynayıblar. Orada basketbolun yaxşı ənənələri var. Çox klubdan ibarət çempionat keçirirlər. Məşqçiləri də adətən yunanlar olurlar. U-16 komandalarının baş məşqçisi də yunanıstanlı idi. Ona görə Kiprə qarşı oyunlarımız çətin keçir. Bütün yarışlara iddialı qatılırlar. Biz də çalışacağıq ki, var gücümüzü ortaya qoyub yaxşı nəticə qazanaq.


Elvin