Azərbaycan AÇ-də daha bir medal qazanıb, bir güləşçimiz finala çıxıb

Azərbaycan AÇ-də daha bir medal qazanıb, bir güləşçimiz finala çıxıb

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, daha bir təmsilçimiz qitə birinciliyində medal qazanıb.

65 kq-da Elis Manolova Avropa üçüncüsü olub, Birgül Soltanova (62 kq) medalsız qalıb.

Beləliklə, qadın güləşçilərimiz AÇ-ni 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl medal əldə ediblər.

Bu gün sərbəst güləşçilərimiz də mübarizəyə başlayıblar.

İlk yarış günündə 5 pəhləvanımız tatami üzərinə çıxıb və onlardan finala vəsiqəni yalnız biri - 97 kq-da Maqomedxan Maqomedov təmin edib. O, sabah karyerasında ikinci dəfə Avropa çempionu ola bilər.

İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) bürünc medal uğrunda görüş keçirəcəklər.

Kənan Heybətov (70 kq) və Orxan Abbasov (79 kq) isə uğursuz nəticə göstərərək medalçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 8 medal qazanıb.

Yunan-Roma güləşçilərimiz Nihad Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) Avropa birincisi olublar, Rəşad Məmmədov (55 kq) və Ülvü Qənizadə (72 kq) ikinci yeri tutublar, Beka Kandelaki (130 kq) isə üçüncülüklə kifayətlənib.