Azərbaycanın Olimpiya çempionu, tanınmış güləşçi həbs edildi!

Azərbaycanın Olimpiya çempionu, tanınmış güləşçi həbs edildi!

Tanınmış güləşçi, yığmamızın heyətində Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Elman Muxtarov həbs edilib.

mediasport.az xəbər verir ki, bu barədə məlumatı “qafqazinfo” yayıb. Millimizin sabiq üzvü Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham olunur.

İstintaq müəyyən edib ki, Elman Muxtarov ötən il Bakıda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb. Bir neçə ay sonra isə həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu bir neçə dəfə yumruqla vuraraq bədən xəsarətləri yetirib. Evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra ötən ay həbs olunub. Hazırda Elman Muxtarovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Milli komandamızın uzun müddət formasını geyinmiş 29 yaşlı idmançı 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının bürünc mükafatçısı, 2010-cu ildə Sinqapurda təşkil edilmiş Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi və Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə Dünya çempionatında yarışıb. Sonra karyerasını başa vurub.