Mahirin anasından AÇIQLAMA: "Təkliflərə baxıb qərar verəcəyik"
Zaqreb "Dinamo"sunda çıxış edən Mahir Emrelinin zədəsini sağaltdığını və məşqlərə qoşulduğunu xəbər vermişdik.
Mediasport.az xəbər verir ki, millimizin üzvünün zədəsi çox ciddi idi.
Mahirin hətta bu üzdən mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı iddia olunurdu.
Bununla yanaşı, hücumçunun bir neçə klubdan təklif aldığı və komandasından ayrılmaq istədiyi haqda bilgilər də var idi.
Qeyd olunanlarla bağlı futbolçunun anası Elnurə Emreli "Futbol+" qəzetinə açıqlama verib. O, sual doğuran məqamlara aydınlıq gətirib:
"Mahir həm komandasıyla birgə, həm də fərdi məşqlərə davam edir. Ümumi sağlamlıq durumu yaxşıya doğru gedir. Amma zədəsinin yaratdığı fəsadların tam aradan qalxdığı bəlli deyil. İndiki duruma əsasən iki həftə ərzində yenidən meydana çıxa bilər. Lakin bu, dəqiq deyil. Tezliklə MRT olunacaq və bundan sonra yekun qərar veriləcək. Çünki zədəsi çox təhlükəli idi və tam bərpa olmadan oynaması doğru deyil".
Elnurə xanım yığma üzvünə gələn təklifləri və kollektivindən ayrılmaq ehtimalını da dəyərləndirib:
"Mahirə onlarla klubdan təklif var idi. Hətta bəziləri zədəli olduğu halda keçidində israrlı idi. O özü istəmədi ki, yeni komandaya qoşulub işə pis başlasın. Bu üzdən transfer məsələsini kənara qoyduq və tam bərpa olunmasına fokuslandıq. Mövsümün sonunda təkliflərə yenidən baxıb qərar verəcəyik. Futbolda bir komandaya bağlı qalmalısan deyə anlayış yoxdu. Hər şey mümkündü və hadisələrin axarından asılıdı".