Bakı metropoliteni gecə saat 01:00-a qədər fəaliyyət göstərəcək
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar noyabrın 9-dan 10-na keçən gecə "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Mediasport.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında qurumun sədr müavini Hidayət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı quruma Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəsmi məktubla müraciət edib.
Qərara əsasən, qarşılaşmanın gecə saatlarında başa çatacağını nəzərə alan QSC noyabrın 9-dan 10-na keçən gecə metronun iş vaxtını 1 saat uzadacaq: "Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq".
Sədr müavini əlavə olaraq bildirib ki, bəzi stansiyalarda bir sıra tədbirlər də görüləcək: "Matça azarkeş marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq edilməklə, nəzarət mexanizmləri artırılacaq. Stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli tərtib olunacaq. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Ümumilikdə, gün ərzində bütün stansiyalarda qatarlar payız-qış iş rejiminin istirahət günləri qrafikinə uyğun hərəkət edəcək. Günün müxtəlif vaxtları üçün sərnişin axınının intensivliyi nəzərə alınmaqla, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq”.
Qeyd edək ki, "Qarabağ" - "Bayer" oyunu noyabrın 9-da saat 21:45-də başlanacaq.