Azərbaycan milli komandasının 9 cüdoçusu Olimpiya Oyunlarında!
Azərbaycanın 9 cüdoçusunun bu yay Fransada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəyi dəqiqləşib.
Mediasport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının açıqladığı son olimpiya reytinqinə əsasən, ölkəmiz üçün 9 kvota verilib.
7 kişi və 2 qadın cüdoçu Parisdə Azərbaycanın şərəfini qoruyacaq.
Reytinqə görə, ümumilikdə 12 təmsilçimiz olimpiadada iştirak hüququ qazanıb, lakin hər ölkə eyni çəkidə yalnız 1 cüdoçu ilə təmsil oluna biləcəyindən millimizin 9 üzvü 4-illiyin zirvə yarışına yollanacaq.
Siyahıda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yer alıb.
Turnirə qatılacaq cüdoçularımızı Azərbaycan Cüdo Federasiyası müəyyənləşdirəcək.