Azərbaycanlı futbolçular "Səbail"lə kubok oyununu qumara qoyublar
MOİK-in futbolçuları Emin Mehtiyevlə Fərmayıl Əliyev bu mövsüm Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Səbail"ə qarşı keçirilmiş oyunun nəticəsini manipulyasiya ediblər.
mediasport.az xəbər verir ki, bu barədə "Report"a UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli məlumat verib.
Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırmalar davam edir: "Şübhələr çox ola bilər. Amma bu gün konkret olaraq 1 oyun ətrafında araşdırma aparılır. İstintaq hələ bitməyib".
Səlimli danışılmış oyunlarda başqa futbolçuların da iştirakının ola biləcəyini istisna etməyib: "Hər şey mümkündür. Bilirsiniz ki, bu çox uzun və sonsuz mövzudur. İstintaq davam etdiyi üçün başqa adlar və klublar da çıxa bilər. Bununla bağlı heç bir zəmanət yoxdur. Həm daxildə, həm də xaricdə müraciət edə biləcəyimiz bütün tərəflərlə işləyirik. Hətta AFFA daxilindəki komissiya da bu işə köklənib".